2024-cü il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı

2024-cü il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı, mikroRNA sahəsindəki işləri ilə tibb dünyasında əhəmiyyətli bir yenilik yaradan ABŞ-dan Victor Ambros və Gary Ruvkuna verildi. Onların tədqiqatları, hüceyrələrin öz zülal istehsalını tənzimləməsində, mikroRNA-ların mühüm rol oynadığını aşkara çıxardı. Bu molekullar, hüceyrə daxilində genlərin işini tənzimləyərək, müəyyən proteinlərin sintezini azaltmağa kömək edir və bu proses xərçəng, qastroenteroloji və bəzi göz xəstəlikləri kimi tibbi sahələrdə inqilabi müalicə potensialı təklif edir.
Ambros və Ruvkun mikroRNA-nı ilk dəfə 1993-cü ildə bir növ qurd olan Caenorhabditis elegans üzərində araşdırarkən kəşf etdilər. MikroRNA-lar hüceyrə daxilindəki genləri tənzimləyir və müəyyən proteinlərin ifrazını azaldaraq onları “söndürə” bilir, bu da xərçəngin erkən diaqnozunda və müalicəsində geniş perspektivlər açır. Xüsusilə xərçəngin inkişafının əvvəlində mikroRNA səviyyələri analiz edilərək, xəstəliyin erkən mərhələdə aşkarlanması və izlənməsi mümkün olur. Hazırda mikroRNA-lardan istifadə etməklə yeni müalicə üsulları hazırlanır və bu üsulların müəyyən xərçəng növləri üçün xüsusi hədəflənmiş terapiyalar kimi istifadə edilməsi planlaşdırılır.
Bu kəşf, həm də hüceyrə bölünməsi, inkişafı və differensiasiyasını anlamaq üçün yeni yollar açır, çünki mikroRNA-lar hüceyrə daxilində protein sintezini tənzimləyir. Ambros və Ruvkunun işləri göstərdi ki, mikroRNA insan orqanizmində də mövcuddur və bu mexanizm heyvanlar aləmində ümumi bir xüsusiyyət daşıyır