Dillər

Ərəb Dili Haqqında

Ərəb dili ( اللغة العربية‎, عربي‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq).

Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.

Ərəb dili tarixən üç inkişaf mərhələsi keçmişdir: qədim (V əsrədək), klassik (V–XVIII) və müasir (XIX əsrdən indiyədək) ərəb dili kimi təmsil edilmişdir. Qədim ərəblər haqqında ilk yazılı məlumata hələ eramızdan əvvəl Assuriya şahı Sarqonun (715-ci il) kitabəsində təsadüf edilmişdir. Qədim ərəb dili əsasən Suriya ərazisində tapılmış Lihyan, Əs-Səfa, Ən-Nəmarə, Zəbəd, Hərran və s. kitabələrdə əks olunmuşdur.

Əvvəllər müxtəlif məhəlli dialektlərdən ibarət olmuş qədim dilin sonrakı inkişaf mərhələsində ədəbi dil kimi formalaşmasında Qureyş (Məkkə) dialekti mühüm rol oynamışdır. Həmin dil İslamdan bilavasitə qabaq, İslam alimlərinin cahiliyyə adlandırdıqları dövrdə yaranmış şifahi poeziya nümunələrində və habelə çox qiymətli abidə hesab olunan Quranda artıq sabitləşmiş qramatik quruluşa və zəngin söz ehtiyatına malik ilk klassik ərəb dili kimi təsbit edilir. Sonrakı inkişaf prosesində ərəb dili bir-birindən getdikcə daha çox fərqlənən ədəbi dilə və dialektlərə ayrılır. Ədəbi dil yaranmaqda olan ərəb imperiyasında yazı dili kimi hələ də işlədilməkdə olan arami və yunan dillərini sıxışdıraraq, ümumimperiya yazı dilinə çevrilir və beynəlxalq əhəmiyyət kəsb edir. Təqribən XIX əsrdən başlayaraq bu günədək klassik dil əsasında inkişaf etməkdə olan müasir ərəb dili öz sələfindən arxaizmlərin atılması hesabına lüğət tərkibinin xeyli məhdudlaşması, yeni məfhumları əks etdirən söz və ifadələrin yaranması, qramatik quruluşun daha da sabitləşməsi ilə fərqlənir.

Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qramatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. (Məsələn: hkm kökündən-hakim, həkim, hökm, ehkam, hikmət, məhkum, təhkim, möhkəm, mühakimə, məhkəmə, hökumət və s.)

İsim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları, əsasən üçhallı və ikihallı olmaq üzrə iki növ hallanması, iki qramatik cinsi (müzəkkər və müənnəs) və üç qramatik sayı (tək, təsniyə və cəm) vardır.Ərəb əlifbası ilə yazılmış mətn.

Ərəb dilində müxtəlif söz birləşmələri vardır. Bunların içərisində ərəb qrammatiklərinin izafət adlandırdıqları uzlaşmayan təyini söz birləşməsi ifadə etdiyi məna çalarlıqlarının çoxluğu və ərəb dilində geniş işlədilməsi ilə başqa söz birləşmələrindən xeyli fərqlənir. Burada xəbəri ad qruplu söz və söz birləşmələri ilə ifadə edilən ismi cümlələr də çox işlənir. Xəbəri mübtədadan əvvəl gələn cüttərkibli feli cümlələrdə xəbər daim təkdə olur.

Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir. Burada sinonim sözlər çox geniş təmsil olunduğundan eyni məfhum çox vaxt ən azı bir neçə söz, bəzən isə onlarla, hətta yüzlərlə sözlə ifadə edilə bilir. Bununla belə, ərəb dilində bəzən bir-birindən ciddi şəkildə fərqlənən mənaları olan polisemantik (çoxmənalı) sözlər də az deyildir. Hətta tərkibində zidd mənalar olan sözlərə də çox təsadüf edilir. Sözlərin böyük əksəriyyəti əsl ərəb mənşəli olduğu halda alınma sözlər cüzi bir miqdar təşkil edir.Bəşəriyyətin inkişafı ilə paralel olaraq inkişaf edən ibrahimi dinlərin ən sonuncusu olan İslam dininin əsas qaynağı Qurani Kərimdir. O təmsilçilərinin qəlblərini fəth, həyat tərzlərini təyin edərək, nitqlərinə təsir etmiş ve onların həyat qaynağı olmuşdur. Belə ki, müsəlmanlar onu həyatlarının hər bir sahəsində öndər bilərək, qoyduğu və göstərdiyi qaydalara görə yaşamağa çalışmışdır. Təmsilçilərinin qəlblərini təsəvvür olunmayacaq dərəcədə fəth edən bu kitab, ərəb dili ilə nazil olmuşdur. Buna görə də ədəbiyyat tarixçiləri ilk növbədə, başlanğıc mərhələdə “furqan”, “küfr”, “iman”, “işraq”, “islam”, “nifaq”, “səvm”(oruc), “salət”(namaz), “zəkat”, “ruku”, “sücud”(səcdə) kimi kəlmələr üzərində sistemləşmişlər. Bütün bunlarla yanaşı ərəb dili müəyyən bir toplumun dili olmaqdan çıxaraq, bütün müsəlmanların ortaq ibadət dili halına gəlmişdir.İndi isə Qurani Kərimin ərəb dili üzərindəki təsirlərindən bəhs edəsi olsaq, onların bir neçəsi maddələr halında qısa şəkildə belə ifadə edilir:

Qurani Kərimin bu dil üzərindəki ən əsas təsirlərindən biri şübhə yoxdur ki, dildə təmin etdiyi birlikdir. O, bütün ərəbləri Qüreyş ləhcəsi üzərində toplayaraq Qüreyş ləhcəsini ərəb dilinin lideri halına gətirdi. Halbuki Qurani Kərim nazil olmağa başlamazdan əvvəl ərəb dili Qureyş ləhcəsi ətrafında birləşmə yolunda inkişaf edir və zirvəyə yüksəlirdi. Ancaq hələ də bütün ləhcələr toplanmamışdı.Qurani Kərimin enməsi ilə birlikdə Qureyş ləhcəsinin liderliyi tamamlanmışdır. Bununla da cahiliyyə dövründən başlayan sözdə birləşmə cəhdləri hədəfinə çataraq dildə toplama təmin edilmiş oldu.

b.Yeni sözlər qazandırması

Qurani Kərim ərəb dilinə bir çox yeni dini leksikon və terminlər qazandırmışdır. (Qeyd:Lakin “namaz” və “abdəst” kimi sözlər fars mənşəli olub, ərəb sözləri kimi düşünülməməlidir)

Ərəb dili, Quran nazil olmazdan əvvəl ərəb yarımadasında yaşayan müəyyən bir millətin dili idi. Ərəb yarımadasının çərçivəsində sıxılıb qalmışdı. Qurani Kərimin ərəb dili üzərə nazil olması onu səmavi bir dinin dilinə çevirmiş və ona ibadətin bir parçası vəsfini qazandırmışdı. Beləliklə hər bir müsəlman namaz, zikr, təkbir və təşəhhüd kimi ibadətlərində ərəb dilini istifadə edirdi. Fəthlər və xilafətin böyüməsi nəticəsində insanların qrup-qrup İslam Dininə yönəlməsi ilə yanaşı ərəb dili ərəb yarımadasının xaricinə çıxmağa başlayaraq müsəlmanların çata biləcəkləri qədər yayıldı. Nəticədə ərəb dili, İslamın yayılması ilə paralel olaraq yayılmağına davam edirdi. İslam Aləmində istifadə olunan dillər arasında birinci dil halına gəlmişdi.

Quran ərəb dilinin ədəbiyyat sahəsində zirvəyə çatdığı bir dövrdə nazil olmağa başladı.Beləliklə Qurani Kərimin enməsi ilə yanaşı yeni elmlərin doğması üçün qapılar aralanmış oldu.

Quranın icazını təyin edib, dərk etmə məqsədi ilə beyan, bədi və məani, səhv oxuma və təğyirdən qoruma məqsədi ilə sarf və nahv, qarib (mənası eşidilməyən alınma sözlər) sözlərini izah edərək mənasını başa düşmə məqsədi güdən lüğət və ədəbiyyat, insanların gündəlik həyatlarında tabe olmaları lazım olan qanun-qaydaları ondan istinbat edərək təyin etmək məqsədi ilə Hədis, Fiqh Üsulu və Fiqh kimi elmlər ortaya çıxmışdı. Qurani Kərim, kəlmələrin aid olduqları mənalarda yeni mənalar ifadə etmə qabiliyyəti verərək, onlara yeni məna üfüqləri açmışdı. Bundan başqa ərəb dilini müxtəlif dövrlərdə bəzi dövlətlərin rəsmi dili halına gətirmiş və müsəlmanların ona qarşı ehtiram göstərmələrinə səbəb olmuşdur.

Bənzər Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

İncələyin
Kapalı
Başa dön tuşu